Sizlərə “Çeşmə” qəzetinin seçmələrindən hazırlanmış “Çeşmədən seçmələr” kitabından növbəti seçdiklərimi təqdim edirəm. “Çeşmə” qəzeti haqqında daha ətraflı və bundan əvvəlki seçmələri BURADAN, BURADAN və BURADAN oxuya bilərsiniz.
9. Telefon
Yaponiyadan qonaq gəlmiş yüksək səviyyəli nümayəndə heyəti prezident aparatına qəbul olunur. Yapon qonaqlar iqamətgahın prezidentinin köməkçisi Gürşad Zərbəliyevə aid olan otağından keçərkən qeyri-iradi olaraq onun Kəlbəcər ilə telefon danışığını müşahidə edirlər. Belə ki, telefon xəttinin bərbad vəziyyətdə olması səbəbindən Gürşad bəy dəstəyə aramsız olaraq: “Alo, Kəlbəcər!” – deyə qışqırırdı. Təəccüblənən yaponlar soruşurlar ki, bu cavan oğlan niyə öz-özünə qışqırır?
“Azərbaycanın Ermənistanla sərhəd yaşayış məntəqəsi Kəlbəcər ilə danışır” deyə prezidentin müşaviri Vəfa Quluzadə izah etməyə çalışır. Yaponlar bu dəfə soruşurlar ki, həmin “Kelbezer”ə qədər olan məsafə nə qədərdir. Deyirlər: “Hava yolu ilə 300 km-dən bir qədər artıq. Yaponiyalı qonaqlar çiyinlərin çəkib deyirlər: “ Yaxındır ki!.. Telefon çəkdirin də”.
10. Dialoq – 2
“Azadlıq” qəzetinin müxbiri Nailə Bağırova növbəti dəfə Azərbaycan Teleradio şirkətinin rəhbəri Məmməd İsmayıldan müsahibə almaq üçün onun qəbul otağına gəlir. Burada sədrin köməkçisinin köhnə dostu Ehtiramla sözləri yenə də düz gəlmir. Qəzet nümayəndəsi “Azadlıq”ın xalq hərəkatındakı istisna roluna işarə edərək özünə də istisna münasibət tələb edir. M. İsmayılın xalq hərəkatındakı rolunu “Azadlıq” qəzetinin gördüyü işlərdən xeyli yuxarı tutan Teleşirkət nümayəndəsi Nailə xanımın tələbinə uyğun hərəkət etmir. Sonuncu qəzəblənib onu “ağılsız adam” adlandırır. Ehtiram təmkinin pozmayaraq soruşur:
– A qadan alım, bax maa axmaq deyirsən, bəs, onda de görüm ağıllı adam necə olur, hay?
– Ağıllı adam? – deyə Nailə xanım gözlərini qıyıb bir qədər düşündükdən sonar cavab verir, – ağıllı adam elə bir şəxsdir ki, öz fikrini başqasına dərhal anlatmağı bacarır. Başa düşdün?
– Yox…
11. Sual-cavab
AXC Naxçıvan şöbəsinin sədri Asəf Quliyevdən soruşurlar:
– Fəlakətlə bədbəxt hadisə arasında fərq varmı?
– Əlbəttə var. Məsələn, əgər Heydər Əliyeviç yıxılıb Araz çayına düşsə bu, bədbəxt hadisədir. Əgər onu oradan çıxararlarsa bu, əsl fəlakətdir.
12. Münaqişə
Məsciddə telefon zəng çalır. Axund dəstəyi qaldırır:
– Allo, molla əmi, rayon DTK-sıdır. Burada bir balaca məclisimiz var, 12 dənə mütəkkə göndərin.
– Qulağının dibini görərsən, mütəkkələri yox! Keçən dəfə verdim, cırıq-cırıq eləyib qaytardınız.
– Belə de! Onda Məkkəyə viza əvəzinə qulağının dibinə baxarsan!
– Əstağfurulla! Viza vermirsən?! Onda nəzir qutularından zırt dolya alarsan!
– Aha! Zırt mənə dolya?! Onda mitinqlər üçün zırt sənə lotular!
– Zırt mənə lotu?! Onda sauna üçün zırt sənə zənənlər!
– Bura bax ey, molla! Belə sözlər üstündə sənin poqonlarını sökərəm!..
Ardı olacaq…